® İxtiraçıların beynəlxalq konfransı və Azərbaycan məktəblilərinin uğurları
Beynəlxalq ixtiraçılar aləmində dünyanın ən mühüm illik tədbirlərindən biri - “TRIZ SUMMIT 2024” beynəlxalq konfransı oktyabrın 13-15-də onlayn formatda keçirilib.
Konfrans, hər zaman olduğu kimi, oktyabrın 15-də bütün dünyada qeyd olunan Beynəlxalq TRIZ Gününə, İxtiraçı Məsələlərin Həlli Nəzəriyyəsinin (TRIZ) müəllifi bakılı Henri Altşullerin doğum gününə təsadüf edir. Konfransda “Yaradıcı şəxsiyyət, TRIZ və təhsil” bölməsində Milli Aviasiya Akademiyasının müəllimi, “TRIZ Klub”un sədri Səidə Əhmədova və “TRIZ Developers Summit” Təhsil Komitəsinin Azərbaycandakı nümayəndəsi Natiq Əliyev tərəfindən məruzələr təqdim olunub.
Konfransda Rusiya, ABŞ, İsrail, Çin və digər regionlardan nümayəndələr iştirak ediblər.
Tədbirdə məktəblilər arasında ixtiraçılıq üzrə “KUBOK TRIZ 2024” beynəlxalq müsabiqəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə iştirak etmiş ümumi təhsil müəssisələrinin məktəblilərinin uğurlarından bəhs olunub. Məktəblilərin işlərində Azərbaycan maarifçiləri F.Köçərli, R.Əfəndiyev, T.Bayraməlibəyev, S.Axundov və digərlərinin təhsildə ixtiraçılıq yönümlü təşəbbüslərinin müasir dövr üçün əhəmiyyəti və bu istiqamətdə TRIZ ixtira alətlərinin tətbiqi imkanları haqqında məlumat təqdim edilib.