® Mərkəzi Gömrük Hospitalında könüllü gömrükçülərin fəaliyyəti uğurla başa çatıb
Mərkəzi Gömrük Hospitalında könüllü gömrükçülərin fəaliyyəti uğurla başa çatıb.
Oktyabrın 11-də Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində (DGK) formalaşdırılmış 10-cu “Könüllü gömrükçü” dəstəsinin 7 üzvünün DGK-nın Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyətinin başa çatması ilə bağlı tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və könüllü gömrükçülər iştirak ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. Rəis müavini Şahlar Mirqasım könüllülük hərəkatının inkişafı çərçivəsində DGK-nın Tibbi Xidmət İdarəsində iyulun 11-dən oktyabrın 11-dək fəaliyyət göstərmiş könüllü gömrükçülərin fəaliyyətini yüksək qiymətləndirib və onların iş prosesində öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə seçildiklərini qeyd edib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev çıxış edərək könüllü gömrükçülərə bilik və təcrübi bacarıqlarının artırılması istiqamətində öz tövsiyələrini verib və gələcək karyeralarında uğurlar arzulayıb.
Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində fəaliyyət göstərmiş Gülgün Abdullayeva, Minəvvər Niftullayeva, Aydan Paşazadə, Fatimə Zeynallı, Roza Rəhimli, Bahar Mirzəliyeva və Ləman Alxasovaya sertifikatlar təqdim edilib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.