® Mərkəzi Gömrük Hospitalında üçəm körpələr dünyaya gəlib
Ötən gün Mərkəzi Gömrük Hospitalında sevinc dolu hadisə baş verib - üçəm körpələr dünyaya gəlib. Yeni doğulanların biri oğlan, ikisi isə qızdır. Hospitalın Mama-ginekologiya şöbəsinin yüksəkixtisaslı mama-ginekoloqu Raziyyə Tapdıqova, Neonatologiya şöbəsinin rəisi, neonatoloq-pediatr Telman Aytayev, neonatoloqlar Minazər Abdullayeva, Aygün Sadıxova, baş tibb bacısı Sevda Abbasova doğuş prosesinin normal keçməsini ciddi nəzarət altında saxlayıblar.
Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Raziyyə Tapdıqova və neonatoloq Minazər Abdullayevanın verdiyi məlumata görə, ana və körpələrin səhhəti qənaətbəxşdir, balacalar xüsusi nəzarət altında saxlanılırlar.
Hospitalın müasir tibbi avadanlıqlarla təchiz edilmiş Doğum və Neonatologiya şöbəsində ana və körpələr üçün təhlükəsiz, rahat və yüksək standartlara cavab verən şərait yaradıb. Şöbə ən son texnologiyalı inkubatorlar, monitorinq sistemləri, reanimasion avadanlıqlar və neonatal baxım üçün zəruri olan bütün tibbi vasitələrlə təmin olunub.
Hospitalda çalışan təcrübəli mama-ginekoloqlar, neonatoloqlar və tibb bacıları doğuşdan sonrakı prosesin hər mərhələsini diqqətlə izləyir, həm ana, həm də körpələr üçün fərdi yanaşma tətbiq edirlər. Elə bunun nəticəsində ana və üçəm körpələr özlərini tam təhlükəsiz mühitdə hiss edir və bərpa prosesini rahat şəkildə davam etdirirlər.
Dünyaya gələn körpələri və onların valideynlərini ürəkdən təbrik edir, onlara sağlam və xoşbəxt həyat arzulayırıq!