® Mərkəzi Gömrük Hospitalının reanimatoloqu Ümumdünya İnsultla Mübarizə Konqresində iştirak edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin reanimatoloqu Mehdi Əliyev oktyabrın 23-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən 16-cı Ümumdünya İnsultla Mübarizə Konqresində iştirak edib.
Dünyanın ən böyük insultla mübarizə təşkilatı olan Ümumdünya İnsult Təşkilatı (World Stroke Organization- WSO) tərəfindən təşkil olunmuş Ümumdünya İnsult Konqresində tanınmış kliniki mütəxəssislər və tədqiqatçılar ən son kliniki sınaqlar və təlimatlar üzrə yenilənmələr barədə məlumat veriblər.
Xatırladaq ki, 2017-2024-cü illər arası qlobal yüksəkkeyfiyyətli çoxmillətli müqayisəvi randomizə olunmuş tədqiqata Azərbaycandan Mərkəzi Gömrük Hospitalı da qoşulub. Tədqiqatın nəticələri Avstriyada toplanaraq statistik analizlər aparılmış və uğurlu qənaətə gəlinib. Dr. Mehdi Əliyev tədqiqatçı mütəxəssis kimi iclasda iştirak edib.
Tədqiqatın son nəticələri Konqresdə məruzə olunaraq ictimaiyyətə çatdırılıb. Daha sonra işçi qrupunun iclası keçirilərək müxtəlif ölkələrdən olan tədqiqat iştirakçıları təbrik edilib.
Qeyd edək ki, konqresdə elmin ən son nailiyyətlərini, kliniki sınaqların nəticələrini və insult üçün təlimatları müzakirə etmək üçün 22 ölkədən 2500-dən çox mütəxəssis bir araya gəlib.