“ FİQARO” QƏZETİ RUSİYA PREZİDENTİNİN AZƏRBAYCANASƏFƏRİNDƏN YAZIR
Qəzetin Moskva müxbiri İrina de Şikof Rusiya Prezidentinin bu səfərinin iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşdırılması sahəsində atılan mühüm bir addım olduğunu bildirmişdir. Rusiya ilə Azərbaycan xalqları arasında dostluq münasibətlərini xatırladan müəllif Rusiyanın Cənubi Qafqaz ölkələri arasında ən varlı və sürətlə inkişaf etməkdə olan Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulamışdır. Azərbaycanın XXI əsrdə də öncül dövlətə çevrildiyi, bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin xüsusi rol oynadığı, Rusiya iş adamlarının Azərbaycanda sərmayə yatırtmağa maraq göstərdiyi bildirilmişdir.
2005-ci ilin noyabr ayında ölkəmizdə keçirilmiş parlament seçkilərində “Azadlıq” bloku ətrafında birləşmiş müxalifətin uğursuzluğunu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın inamlı qələbə qazandığını xatırladan jurnalist Azərbaycanda “rəngli inqilab” üçün heç bir əsas olmadığını və hazırda müxalifətin parçalandığını bildirmişdir.
Məqalənin sonunda Prezident İlham Əliyevin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olduğu xüsusi vurğulanmışdır.