"Aşqabad-2017"də 36 ölkənin idmançıları medal qazanıblar
Aşqabad, 26 sentyabr, AZƏRTAC
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.
AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların onuncu günündə - sentyabrın 26-da idmançılar bilyard, boulinq, şahmat, idman rəqsi, futzal, tennis, sambo, kikboksinq və güləş yarışlarında mübarizə aparırlar.
"Aşqabad-2017"nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.
Hesabında 85 qızıl, 65 gümüş və 81 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü Çin (36-26-23) və İran (26-18-59) yığmaları tamamlayır.
Özbəkistan (23-30-64) dördüncü, Qazaxıstan (23-25-32) beşinci, Tailand (20-20-28) altıncı, Koreya Respublikası (13-11-15) yeddinci, Vyetnam (12-7-19) səkkizinci, Qırğızıstan (10-18-34) doqquzuncu və Honkonq (10-11-14) isə onuncu pillədə yer alıb.
İndiyədək 36 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.
Qeyd edək ki, qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Aşqabad