"Balaxanı Neft” Əməliyyat Şirkətinin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar silahsız və günahsız insanların, müstəqillik eşqinin və iradəsinin qanla boğulduğu gündür. Üzərindən illər keçsə də, törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. 20 Yanvar faciəsi Azərbaycan tarixinin ən acı hadisələrindən biri kimi yadda qalmaqdadır.
Bu acı tarixlə əlaqədar yanvarın 20-də “Balaxanı Neft” Əməliyyat Şirkətinin rəhbərliyi və əməkdaşları Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri ilə birlikdə şirkətin ərazisində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən “Balaxanı Neft” Əməliyyat Şirkətinin nümayəndələri sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıblar. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinə qayıdışından sonra bu faciəyə siyasi-hüquqi qiymətin verildiyi qeyd edilib. Vurğulanıb ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi ilə bütün şəhidlərimizin qisası alınıb.