"Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" adlı kitabça istehlakçılara təqdim olunub
Bakı, 11 aprel, AZƏRTAC
"Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" adlı kitabça ictimai iaşə müəssisələri və satış şəbəkələrində istehlakçılara paylanır. Kitabçanın paylanılması Qida Təhlükəsizliyi Agentliyinin "Könüllü qida nəzarətçisi" proqramının könüllüləri tərəfindən həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, könüllülər "Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz"i sahibkarlıq subyektlərində istehlakçılara təqdim etməklə yanaşı, müvafiq maarifləndirmə işi də aparırlar.
İstehlakçılara məlumat verilir ki, bir nəfər il ərzində orta hesabla 74 kiloqram qida israf edir. Hər il dünyada istehsal olunan bütün ərzaqların ən azı 17 faizi israf edilir ki, bu da 931 milyon ton ərzaq deməkdir. Həmin göstərici böyük görünsə də, hər kəs fərdi tədbirlər görməklə və özündə yeni vərdişlər formalaşdırmaqla, ərzaq tullantılarının miqdarını azalda və ərzaq təhlükəsizliyinin qorunmasına töhfə verə bilər. Eyni zamanda bildirilir ki, kitabçada dünya üzrə israf edilən ərzağın miqdarı, ərzaq tullantılarını azaltmaq üçün hər kəsin əməl etməli olduğu tədbirlər, eləcə də mağazada qənaət edərək alış-veriş üsulları, evdə ərzaqla bağlı yerinə yetirilməsi vacib sayılan məsələlər və ərzaqların düzgün saxlanılması qaydaları barədə məlumat verilib.
Qeyd edək ki, "Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" istehlakçıları ərzaq tullantılarının mənfi təsirləri haqqında maarifləndirmək, onları ərzağı israf etməkdən çəkindirmək, alıcıları görəcəkləri fərdi tədbirlərlə ərzaq tullantıları ilə bağlı qlobal problemə töhfə verəcəyinə inandırmaq və israfçılığın azalmasına nail olmaq məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin iştirakı ilə hazırlanıb.