"Şiddət və zorakılığa qarşı özünümüdafiə" adlı seminar keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Vinq Çun Federasiyasının və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə "Şiddət və zorakılığa qarşı özünümüdafiə" adlı seminar keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Qərbi Kaspi Universitetinin idman zalında təşkil olunan seminar federasiyasının prezidenti Asif Sayadovun rəhbərliyi ilə peşəkar məşqçilər Arzuman Rəsulzadə, Elsevər Zülfiyev, o cümlədən təlimatçılar Şahanə Lütfəliyeva və Rəhman Piriyev tərəfindən aparılıb.
Seminarda Əməkdar məşqçi, Vinq Çun döyüş növü üzrə ustad Asif Sayadov, özgüvən anlayışlarının mahiyyəti, onlar arasındakı fərqlər, insanın şəxsiyyət kimi formalaşmasında və ətraf aləmlə münasibətlərində bu hisslərin təsirləri haqqında danışıb.
Həmçinin seminarda müxtəlif psixoloji və ekstremal situasiyalarda şəraitə uyğun davranış və özünümüdafiə formaları haqqında nəzəri və praktiki təlimlər keçirilib.