ABADA ilin yekunlarına dair brifinq keçirib
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasında (ABADA) ilin yekunlarına dair KİV nümayəndələri üçün brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, ABADA-nın baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ilin yekun hesabatı ilə bağlı məruzəsində qurumun Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi (e- SMR) tətbiqi ilə əlaqədar tədbirlərdə iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, ABADA, həmçinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş Beynəlxalq İqtisadi Forum çərçivəsində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı dəyirmi masada iştirak edib. Həmçinin Rusiyanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb, Türkiyə, Gürcüstan, Türkmənistan və İran nəqliyyat qurumları ilə keçirilən görüşlərdə iştirak edib.
“Qurum tərəfindən 1305 daşıyıcıya, 178 operatorun məsul şəxsinə beynəlxalq daşımalar haqqında, eyni zamanda, 260 daşıyıcıya təhlükəli yüklərin daşınması barədə təlim kursları keçirilərək şəhadətnamələr, beynəlxalq daşımaların inkişafı ilə əlaqədar təkliflər verilib. Təhlükələri yüklərin beynəlxalq daşımaları haqqında konvensiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması üçün 2023-cü ildə daşıyıcılara 1235 ədəd “TİR Karnet” kitabçası, eləcə də avtodaşıyıcıların xarici ölkələrdə qarşılaşdıqları problemlər barədə və onların həlli məqsədilə təkliflər verilib. Beynəlxalq Yük Daşınması (BYD) kitabçasının istifadəsinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilib. Bu məqsədlə Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşlər təşkil edilib.
K.Qurbanov vurğulayıb ki, ABADA cari ildə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) Baş Assambleyasının iclasında və sözügedən təşkilatın yaranmasının 75 illik yubiley tədbirlərində və “Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” forumunda iştirak edib: “2023-cü ilin oktyabr ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzv ölkələrin assosiasiyalarının konfederasiyasının (BSEC-URTA) Baş Assambleyasının 42-ci iclası ABADA-nın dəvəti ilə Bakı şəhərində keçirilib. İclasda İRU-nun Baş katibi Pretto Umberto, 15 ölkənin assosiasiyalarının rəhbərləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin rəhbər işçiləri və digər nümayəndələr iştirak edib. Eyni zamanda, ABADA-nın yaranmasının 30 illiyi təntənəli qeyd edilib”.