Abdulla Şaiqin mənzil-muzeyində tədbir - Ağ ölümə yox deyək
Bakı, 28 aprel, AZƏRTAC
Abdulla Şaiqin mənzil-muzeyində müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda “Ağ ölümə yox deyək” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə muzeyin direktoru Ülkər Talıbzadə çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb.
Sonra muzeyin əməkdaşı Fəridə Məmmədova narkomaniyanın təhlükəli fəsadlarından söz açaraq, bu istiqamətdə güclü maarifləndirmə işlərinin aparılmasının daim vacib olduğunu vurğulayıb. O deyib: “Uzun illərdir, bütün dünyanı öz cənginə almış bəşəri bəla olan narkomaniya son dönəmlərdə ölkəmizdə da kütləvi şəkildə tüğyan etməyə başladığından, bu cür həssas və vacib mövzunun tədbir çərçivəsində yenidən işlənməsinin gəncliyimizin gələcək təhlükəsizliyinin təmin edilməsi yolunda maarifləndirici əhəmiyyəti böyükdür. Bu səbəbdən də bu müqəddəs məkanda, Abdulla Şaiq ocağında gəncliyin, bütövlükdə insanlığın xilasına həsr edilmiş “Ağ ölümə yox deyək” adlı tədbirin keçirilməsi təsadüfi deyil”.
Gənclərlə qarşılıqlı fikir mübadiləsi formatında keçən tədbirdə “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin rəhbəri Məlahət Abbasova deyib ki, bu bəlanın qarşısını almaq üçün bu cür vasitələrdən asılılığı olan insanlar cəmiyyətdən təcrid olunmamalıdır, onlara mənəvi dəstək göstərməklə növbəti travmaların qarşısı alına bilər.
Restart Reabilitasiya Mərkəzinin Binəqədi filialının proqram rəhbəri Niyaz Allahverdiyev isə gənclərə kömək etməyin ən əsas yollarından biri kimi onların valideynlərinin bu barədə məlumatlandırılmasını məsləhət görüb. Reabilitasiya Mərkəzində apardıqları psixoloji yardım barədə məlumat verən N.Allahverdiyev mövzu ilə bağlı digər fikirlərini bölüşərək, Mərkəzdə bu narkotik vasitələrdən asılılığı olan insanlara müasir Amerika metodları ilə psixoloji kömək göstərilməsini nəzərə çatdırıb.
Sonda “Ağ ölümə yox deyək” şüarı ilə narkomaniyadan əziyyət çəkmiş, lakin müalicə nəticəsində sağalaraq həyatlarını yenidən qazanan insanlardan bəhs edilən videoçarx nümayiş olunub.