ABŞ-AZƏRBAYCAN İQTİSADİ ƏMƏKDAŞLIĞI İNKİŞAF EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, işçi qrupunun həmsədri, Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov iclası açaraq, ölkəmizdə makroiqtisadi vəziyyət, yeni büdcə sisteminin tətbiqi, sosial-iqtisadi inkişafı sürətləndirmək üzrə əməli səylər, beynəlxalq maliyyə təsisatları ilə əlaqələr barədə ətraflı məlumat vermişdir.
Sonra işçi qrupunun ABŞ-dan olan həmsədri, Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə yardım üzrə əlaqələndiricisi səfir Karlos Paskualın, Azərbaycan Dövlət Neft Fondunun, digər əlaqədar nazirlik, agentlik və təşkilatların səlahiyyətli nümayəndələrinin bank-maliyyə islahatları, antikorrupsiya və antiterrorizm, Azərbaycana yardım imkanları ilə bağlı çıxışları dinlənilmişdir. Çıxışlarda Azərbaycanda aparılan islahatlar və makroiqtisadi vəziyyət sərmayə mühitinin genişlənməsinə, kredit reytinqinin artmasına təkan verən amillər kimi dəyərləndirilmişdir.
Maliyyə naziri Əvəz Ələkbərov görüşün sonunda AZƏRTAC-ın müxbirinə demişdir: İstər Vaşinqtonda, istərsə də Bakıda keçirilən görüşlərdən məqsədimiz Azərbaycanda gedən islahatlar sahəsində atılan addımlar, Prezidentin fərman və sərəncamları, qanunlarımız barədə ABŞ tərəfinə məlumat verməkdir. Öz növbəsində, ABŞ tərəfi görülən işlərin şahidi olur, bizə qrant şəklində və digər formada yardım göstərmək yollarını araşdırır. Hesab edirəm ki, indiki görüşümüz də səmərəli oldu. Beynəlxalq tədbirlərdə, o cümlədən yenicə başa çatmış görüşümüzdə vacib məqamlardan biri odur ki, Azərbaycanda baş verən proseslərdən dünya xəbərdardır. Görüşün gedişi göstərdi ki, ABŞ nümayəndələri ölkəmizdə gedən makrosəviyyəli işlərdən məmnundurlar. Ümumi daxili məhsulun artımının 10 faizdən yuxarı olması, büdcə prosesindəki şəffaflıq, büdcə artımının ümumi daxili məhsul artımını üstələməsi, büdcə kəsirinə hökumətin diqqətlə yanaşması, dövlətin xarici borcunun həll olunması məsələlərində yeridilən siyasət, sərmayə mühitinin yaxşılaşdırılması ABŞ-dan olan həmkarlarımızı razı salmışdır. Bunları səfir Paskual xüsusi qeyd etdi.