QAN YADDAŞI
ABŞ-da nəşr olunan “Jewish Journal” qəzetində Xocalı həqiqətləri barədə məqalə dərc edilib
Los-Anceles, 4 mart, AZƏRTAC
ABŞ-ın aparıcı yəhudi nəşrlərindən olan, Los-Ancelesdə fəaliyyət göstərən “Jewish Journal” qəzetində Xocalı həqiqətləri barədə geniş məqalə dərc edilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən yazılmış, “Xocalı: bir qətliamın günahsız qurbanları üçün ədalət uğrunda mübarizə” sərlövhəli məqalədə müəllif Xocalı soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandıraraq bu qətliam, eləcə də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verib. Martın 3-də dərc olunan məqalədə baş konsul son illərdə beynəlxalq ictimaiyyətdə Xocalı həqiqətlərinə diqqətin artdığını vurğulayıb, bir müddət əvvəl İsrail Prezidenti Ruven Rivlinin Xocalı soyqırımını BMT-nin Baş Assambleyasında gündəmə gətirməsini və digər müxtəlif dövlətlər və ABŞ-ın bir çox ştatları tərəfindən Xocalı qətliamının tanınmasını qeyd edib.
N.Ağayev Xocalı hadisələri fonunda insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı vahid mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, bu məsələdə ABŞ Konqresinin də üzərinə böyük məsuliyyət düşür. Diplomat insanlığa qarşı törədilmiş bütün cinayətlərin hər hansı ayrı-seçkiliyə yol vermədən pislənməsinin önəmini qeyd edib: “Məkanından və cinayətkarın kimliyindən asılı olmayaraq, keçmişdə və günümüzdə baş verən bütün zorakılıqlara qarşı eyni mövqe göstərmək gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün önəmli şərtdir”.
Baş konsul Xocalı qurbanlarının yaddaşlarda əbədi qalmaları üçün Azərbaycanın öz haqq mübarizəsini davam etdirəcəyini bildirib, ABŞ Konqresini Xocalı soyqırımına dair müvafiq qətnamə qəbul edərək bu ədalət mübarizəsinə qoşulmağa çağırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles