ABŞ-DA YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİ ANMA MƏRASİMİ KEÇİRMİŞLƏR
AAC-nin prezidenti Tomris Azəri Prezident Heydər Əliyevin vəfatı ilə bağlı Nyuark şəhəri Bələdiyyə Şurasının başçısı Donald Bredli adından başsağlığını çatdırmış və mərasim iştirakçılarına Şuranın qəbul etdiyi şərəf qətnaməsini oxumuşdur. Bələdiyyə Şurası üzvlərinin imzaladığı sənəddə deyilir:
“Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev öz xalqının öndəri idi. Azərbaycan xalqı böyük oğullarından birini itirmişdir. Hakimiyyətdə olduğu dövrdə Prezident Heydər Əliyev siyasi, iqtisadi və demokratik islahatlar həyata keçirərək, 1990-cı illərin əvvəlində ölkədə hökm sürən hərc-mərcliyi aradan qaldırmış, sabitliyə nail olmuş və Azərbaycana sərmayə axınını təmin etmişdir. Bələdiyyə Şurasının üzvləri mərhumun fəaliyyətini bilir və yüksək qiymətləndirirlər”.
Sonra mərasim iştirakçıları Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tanınmış jurnalist Tomas Qolts, professor Tadeuş Svyatoxovski, Azərbaycan musiqisinin pərəstişkarı və təbliğçisi Cefri Verbok və başqaları Prezident Heydər Əliyev haqqında xoş xatirələr söyləmiş, onu görkəmli siyasi və dövlət xadimi, keçmiş Sovet İttifaqının, o cümlədən Qafqazın tarixində iz qoymuş dahi şəxsiyyət kimi səciyyələndirmişlər.
Azərbaycan diasporunun formalaşmasında Heydər Əliyevin böyük xidmətlərini xatırladan Komitənin sədri Nazim İbrahimov bildirmişdir ki, ümummilli liderimiz hələ keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən xaricdə yaşayan həmvətənlərimizlə daim maraqlanmış, onları bir araya gətirmək yollarını araşdırmışdır. O vurğulamışdır ki, Heydər Əliyevin vəfatı Azərbaycan xalqı üçün nə qədər ağır itki olsa da, həmvətənlərimiz bundan sonra yeni seçilmiş Prezident İlham Əliyev ətrafında daha sıx birləşəcəklər. Mədəniyyət naziri Polad Bülbüloğlu çıxışında ümummilli liderimizin Azərbaycan diasporuna diqqətindən söz açaraq demişdir ki, Prezident Heydər Əliyev xarici səfərləri zamanı sıx iş cədvəlinə baxmayaraq, həmişə soydaşlarımızla görüşməyə vaxt tapırdı. Onun arzusu təkcə azərbaycanlıları deyil, bütün türkdilli xalqları həmrəy görmək idi.
Mərasiminin sonunda Nyu-Yorkdakı nüfuzlu Culiard İncəsənət məktəbinin azərbaycanlı məzunu Səbinə Rakçeyeva skripkada Azərbaycan musiqisi ifa etmişdir.