SİYASƏT
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Qəbələyə səfər edib
![ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Qəbələyə səfər edib](/files/2014/2/1200x630/14091421811617322645_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətində diplomatla görüş keçirilib. İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan ilə ABŞ arasında əlaqələrin müxtəlif sahələrdə genişlənməsinin əhəmiyyətini qeyd edib.
Qonağa Qəbələ rayonunun iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə məlumat verilib. Bildirilib ki, füsunkar təbiət qoynunda yerləşən bu gözəl məkan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qəbələdə keçirilən mühüm tədbirlər burada inkişaf tempinin artmasında vacib rol oynayır. Rayonda yaradılan istehsal müəssisələri burada əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Bu da Qəbələnin inkişaf dinamikasının tərkib hissəsidir.
Diqqətə çatdırılıb ki, turizm infrastrukturu Qəbələdə başlıca sahələrdən biridir. Rayonda yaradılan şəraitin nəticəsidir ki, istirahət üçün buraya gələn turistlərin sayı ildən-ilə nəzərəçarpacaq dərəcədə artır.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini deyən Derek Hoqan Qəbələyə səfərinin tanışlıq məqsədi daşıdığını bildirib. Qəbələnin geniş imkanlara malik olması barədə çox eşitdiyini, bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran qonaq görülən işləri yüksək qiymətləndirib.