ABŞ-IN “HERİTEC” FONDU AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR KEÇİRMİŞDİR
Müzakirələri açan Ariel Kohen bildirmişdir ki, hazırda Azərbaycanda baş verən proseslər üç qüvvə arasında – Yeni Azərbaycan Partiyası, “Azadlıq” bloku və hakimiyyətdaxili qüvvələrin mübarizəsi kimi müşahidə olunur. Azərbaycan bir çox səbəblər üzündən ABŞ üçün olduqca əhəmiyyətli dövlətdir. ABŞ rəsmiləri parlament seçkilərini azad, ədalətli və şəffaf görmək istəyini Azərbaycana dəfələrlə bildirmişlər. Prezident İlham Əliyevin 11 may və 25 oktyabr tarixli sərəncamları göstərir ki, bölgədəki digər dövlət başçılarından fərqli olaraq, o, Amerikadakı dostların məsləhətlərini eşidir, habelə müasir lider kimi bilir ki, demokratik seçkilərdən bəhrələnən ən əvvəl Azərbaycan dövləti və xalqı olacaqdır.
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Mətt Brayza da seçkilərin demokratik keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamlarını yüksək qiymətləndirmişdir. Onun sözlərinə görə, rəsmi Vaşinqtonun Azərbaycanda maraqları üç istiqamətdədir: enerji, təhlükəsizlik və daxili islahatlar. Terrorizmə qarşı mübarizə və enerji sahəsində Azərbaycanın ABŞ-la qurduğu əməkdaşlıq çox yüksək səviyyədədir. Noyabrda demokratik və şəffaf seçkilər keçirməklə Azərbaycan digər sahələrdə də Birləşmiş Ştatlarla əlaqələri indiyədək görünməmiş strateji səviyyəyə qaldıracaqdır.
Mətt Brayza vurğulamışdır ki, seçkilərin azad və ədalətli keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin mayda və oktyabrda verdiyi Sərəncamlar beynəlxalq icmanın Azərbaycandan gözlədiklərini tam əks etdirir. Dövlət katibinin köməkçisi Azərbaycanın siyasətçilərini bu sərəncamlarla təklif olunan demokratik imkanlardan istifadə etməyə çağırmışdır: “Əlbəttə, küçə yürüşləri demokratik inkişafın əlamətidir. Amma bu, əsil demokratiyanın cəmi bir əlamətidir. Biz, müxalifəti demokratik müzakirələr üçün mövcud bütün imkanlardan istifadə etməyə, təxribatlardan çəkinməyə çağırırıq. Hakimiyyəti isə zorakılığa yol verməməyə səsləyirik”. Mətt Brayza bildirmişdir ki, ABŞ hökuməti Prezident İlham Əliyevin hakimiyyəti ilə birgə işləyərək, bu həftə elan olunan tədbirlərin mümkün qədər tez həyata keçirilməsinə yardım edəcəkdir. O, ölkəmizdə son günlər baş verənlərə əsasən, qarşıdan gələn seçkilərin yaxşı səviyyədə keçiriləcəyinə ümid bəslədiyini bildirmişdir. Azərbaycanın geostrateji əhəmiyyətini vurğulayan Mətt Brayza böyük enerji ehtiyatlarına malik, bazar iqtisadiyyatı yolu seçmiş, demokratik, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanı beynəlxalq icma üçün əvəzedilməz tərəfdaş kimi qiymətləndirmişdir.
Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev bu seçkilərdə müşahidə olunan yeni amillər üzərində ətraflı dayanmışdır. O bildirmişdir ki, yayda Beynəlxalq Respublikaçılar İnstitutu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən aparılan sorğudan aydın olmuşdur ki, seçicilərin əksər hissəsi ölkəmizin düz istiqamətdə getdiyini düşünür. Onları maraqlandıran əsas məsələlər Dağlıq Qarabağ münaqişəsinin həlli, yeni iş yerlərinin açılması, inflyasiya və korrupsiyanın azaldılmasıdır. Dövlət başçısı İlham Əliyev bölgələrdə və bəzi seçki dairələrində olan narazılıqları nəzərə alaraq, oktyabrın 25-də 11 may tarixli Sərəncamına əlavə olaraq, təxirəsalınmaz tədbirlər haqqında sənəd imzalamışdır. ABŞ Konqresinin və beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alan bu Sərəncam ölkə daxilində və xaricində müsbət qiymətləndirilmişdir. “Biz bilirik ki, noyabrın 6-da dünyanın gözü bizdə olacaq, hadisələr uzun müddət araşdırılacaq və təhlil ediləcək”, - deyən səfir Paşayev seçki prosesini 1500 nəfər beynəlxalq və 9000 yerli müşahidəçinin izləyəcəyini bildirmişdir. O vurğulamışdır ki, Prezident İlham Əliyevin azad və ədalətli seçkilər keçirilməsi niyyəti qətidir. Bununla o, beynəlxalq rəyə deyil, Azərbaycan xalqının azad və ədalətli prosesə layiq olduğuna əsaslanır. Səfir demişdir ki, dövlət başçısı son illər ərzində əldə edilən iqtisadi nailiyyətlərimizin siyasi qeyri-sabitlik törədilməklə pozulmasına imkan verməyəcəkdir. Prezident demokratik və iqtisadi islahatların keçirilməsində üzərinə düşən vəzifəni yetərincə yerinə yetirir. İndi, müxalifət də məsuliyyətli olaraq dağıdıcı fəaliyyətdən imtina etməlidir.
Nikson Mərkəzində beynəlxalq təhlükəsizlik və enerji proqramının direktoru Zeyno Baran isə hesab edir ki, noyabrın 6-da azərbaycanlılar müasir tarixlərində ən azad və ədalətli seçkilərin şahidi olacaqlar. ABŞ Prezidenti Corc Buşun Prezident İlham Əliyevə məktubu, vitse-prezident Riçard Çeyninin Bakıya telefon zəngi ABŞ-ın Azərbaycandakı böyük maraqlarından və seçkilərin nə qədər yaxından izlənildiyindən xəbər verir. Zeyno Baran Ukrayna və Gürcüstanla bir sıra müqayisələr apararaq bildirmişdir ki, Azərbaycanda vəziyyət tam başqadır. Dövlət başçısının Azərbaycanda populyarlığı genişdir, müxalifətin təklif etdiyi siyasi platforma hakimiyyətinkindən fərqlənmir. Son günlər Prezident İlham Əliyevin bir sıra nazirlərin işdən çıxarılması barədə qərarları əhali tərəfindən müsbət qiymətləndirilmiş, beləliklə, Prezidentə rəğbəti daha da artırmış, müxalifəti isə bir qədər də zəiflətmişdir. Zeyno Baranın fikrincə, rəsmi Vaşinqton Azərbaycanın dövlət başçısını “məsafədə saxlama” siyasətinə son qoymalı, Azərbaycanın mühüm geostrateji vəziyyəti, bölgədə oynadığı rolu nəzərə alaraq əlaqələri möhkəmlətməlidir.
Eyni fikirləri Hadson İnstitutunun Gələcək Təhlükəsizlik Strategiyaları Mərkəzinin başçısı Enders Uimbuş da bölüşür. Təhlilçi bildirmişdir ki, Azərbaycan ayrıca kiçik dövlət kimi qiymətləndirilməməlidir. Onun yerləşdiyi bölgə dünyanın əsas nüfuz mərkəzləri – Çin, Rusiya, Hindistan, ABŞ və Türkiyənin maraqlarının kəsişdiyi ərazidir. Neft ehtiyatları və kəmərlər bir yana, Azərbaycan ABŞ üçün mühüm bölgəyə keçid əlaqəsidir.
Müzakirələr zamanı natiqlər auditoriyanın çoxsaylı suallarına cavab vermişlər.