ABŞ Qəzzadakı dinc sakinlərin Misirə təxliyəsi üzərində çalışır
Bakı, 11 oktyabr, AZƏRTAC
Cozef Bayden administrasiyası hazırda Qəzza sektorundakı dinc sakinlərin Misirə təxliyə edilməsi üzərində çalışır.
AZƏRTAC NBC telekompaniyasına istinadla xəbər verir ki, Vaşinqton təxliyə məsələsini digər ölkələrin nümayəndələri ilə müzakirə edir. Plana əsasən, blokada altında olan dinc sakinlər və ABŞ vətəndaşları Qəzza sektorunu cənub dəhlizi vasitəsilə tərk etməlidir.
Oktyabrın 10-da İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı zamanı mülki əhalinin taleyi məsələsinə toxunulub. Bu, bölgədə vəziyyətin gərginləşməsindən bəri iki ölkə liderinin sayca üçüncü telefon söhbəti olub.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadası İsrail ərazisini, o cümlədən paytaxt Təl-Əvivi raket atəşinə tutub. Bundan başqa, İsrailin nəzarətində olan ərazilərə sızan fələstinli qruplar bir neçə yaşayış məntəqəsinə daxil olub və hərbi bazaları ələ keçirib.
SAXAL isə öz növbəsində Qəzza sektoru ətrafında 80 kilometrlik bölgədə hərbi vəziyyət rejimi elan edib və cavab əməliyyatına başlayıb. Son məlumata görə, döyüşlər və bombardmanlar nəticəsində 1,2 min israilli və 950 fələstinli həyatını itirib.