ABŞ SƏFİRİ RİNO HARNİŞ GƏNCƏDƏ OLMUŞDUR
Rino Harniş səfirliyin ABŞ hərbi qüvvələri Avropa komandanlığının maliyyələşdirməsi ilə və Dünyaya Ümid beynəlxalq humanitar təşkilatı ilə birgə həyata keçirdiyi layihə əsasında Paşa Hüseynov adına 1 nömrəli internat məktəbində tikilmiş yataqxananın açılış mərasimində də iştirak etmişdir. Rino Harniş çıxış edərək, təmsil etdiyi ölkənin Azərbaycanda təhsilin dünya standartlarına yaxınlaşdırılması üçün göstərdiyi köməkdən danışmış və bunun gələcəkdə də davam etdiriləcəyini bildirmişdir. Dünyaya Ümid təşkilatının Azərbaycan üzrə rəhbəri Uin Ceyms Azərbaycan dilində çıxış edərək, bu xeyirxah işi həyata keçirənlərdən biri olduğu üçün fəxr etdiyini bildirmiş, məktəbin pedaqoji və şagird kollektivinə uğurlar arzulamışdır. Sonra mərasim iştirakçıları yataqxananın hər cür şəraiti olan yataq, istirahət və məişət otaqları ilə yaxından tanış olmuşlar.
Açılış mərasimindən sonra səfir Rino Harniş kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Respublikamızda seçki prosesinin gedişi ilə bağlı jurnalistlərin suallarına aydınlıq gətirən diplomat Prezident İlham Əliyevin seçkilərlə bağlı 11 may və 25 oktyabr tarixli Sərəncamlarının əhəmiyyətindən danışmış və bunları hökumətin öz üzərinə götürdüyü öhdəlik kimi dəyərləndirmişdir. “Müxalifət zorakı əməllərdən çəkinməlidir” deyən səfir onu da bildirmişdir ki, hər şey seçicilərin iradəsindən asılıdır və onlar azad seçkilərin keçirilməsinə nail olmaq üçün seçkilərdə fəallıq göstərməlidirlər.