ABŞ senatoru sosial şəbəkələri ağır şəkildə ittiham edib
Bakı, 3 fevral, AZƏRTAC
Sosial medianın yetkinlik yaşına çatmayanların cinsi istismarına təsiri və bu texnologiyaların gənc nəsillərə vurduğu zərər ABŞ Konqresində bu həftə keçirilən toplantının əsas mövzusu olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ Senatının komitəsi bu məsələlərlə bağlı sosial şəbəkələrin rəhbərlərindən cavablar istəyib, habelə bu platformaların yetkinlik yaşına çatmayanlara zərərli təsirini azaldacaq dəyişikliklərin edilməsini tələb edib.
Konqresin iclasında “Meta”nın baş direktoru Mark Zukerberq, “TikTok”un rəhbəri Şou Tzsı Çu, “X” platformasının baş direktoru Linda Yakkarino, “Snapchat”ın sahibi Evan Şpigel, mesencerin yaradıcısı Ceyson Tsitron iştirak ediblər.
İclasdakı çıxışına “Sizin əllərinizdə qan var” ifadəsi ilə başlayan respublikaçı senator Lindsi Qrem sessiyada döyüşkən və emosional ab-hava yaradıb. Zalda sosial medianın, çiyinlərində müasir uşaqlıq təcrübəsinin çox hissəsini özündə cəmləşdirən platformaların ağır yükünü daşıyan onlarla azyaşlının qohumları var idi. Onların arasında cinsi zorakılığa görə intihar edən azyaşlıların valideynləri də olub.
Sosial medianın yetkinlik yaşına çatmayanlara zərərli təsiri ilə bağlı müzakirələr 2021-ci ildə “Meta”nın əməkdaşı Frensis Haugenin daxili sənədləri dərc etməsindən sonra başlayıb.
İndiyə qədər qanunvericilər sosial media əməliyyatlarına qarşı məhdudiyyətlərə yönəlmiş qanunvericiliyin təkmilləşməsinə razı olmayıblar.
Sosial medianın tənzimlənməsi üzrə aparıcı müdafiəçi, demokrat senator Dik Durbin deyib: “Yetkinlik yaşına çatmayanların onlayn cinsi istismarı Birləşmiş Ştatlarda mövcud olan bir böhrandır”.
Ən çox gərginliyə səbəb olan məqamlardan biri respublikaçı senator Coş Hauli ilə Mark Zukerberq arasında olub. Millət vəkili ona “Meta”nın sosial medianın zərərli təsirlərinə görə kimisə işdən çıxarması və zərər çəkmiş ailələrə kompensasiya ödəməsi ilə bağlı sual verib. Zukerberq susub və senator onu “milyardlar” qazandığına, amma məhsullarının “insanları öldürdüyünə” görə rüsvay edib.