ABŞ VƏ AZƏRBAYCANIN HƏRBİ HAVA QÜVVƏLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Azərbaycanın ABŞ və NATO ilə əməkdaşlığının Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (İPAP) uyğun uğurla yerinə yetirildiyini bildirmişdir. Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyətə toxunan Səfər Əbiyev bildirmişdir ki, regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini davam etdirməsidir. Ermənistan destruktiv siyasət yeridərək sülh danışıqlarından yayınır və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır.
General Uilyam Tom Hobbins Azərbaycanın NATO ilə əməkdaşlıq sahəsində nailiyyətlər əldə etməsini vurğulamış və qeyd etmişdir ki, İPAP proqramının uğurla yerinə yetirilməsi Azərbaycanı NATO-ya daha da yaxınlaşdıracaqdır.
O, səfərinin məqsədini açıqlayaraq, Azərbaycan Hərbi Hava Qüvvələri
ilə yaxından tanış olmaq istədiyini bildirmişdir. Qonaq demişdir: İnanıram ki, ABŞ ilə Azərbaycanın hərbi hava qüvvələri arasında əməkdaşlıq genişlənəcəkdir.
Sonra tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri, Avropa təhlükəsizlik strukturlarına inteqrasiya, Azərbaycanın beynəlxalq antiterror koalisiyası çərçivəsində fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi etmişlər.
Görüşdə ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Ceyson Haylənd iştirak etmişdir.