Abşeron rayonundan olan məktəblilər “ETSN-də bir gün” layihəsində iştirak ediblər
Bakı, 1 iyun, AZƏRTAC
Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü ilə Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrindən olan məktəblilər “ETSN-də bir gün” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, uşaqların ekoloji biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi məqsədilə təşkil olunan görüşdə rəqəmsal ekologiya və biomüxtəlifliyin qorunması mövzularında təqdimatlar keçirilib.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov çıxışında ətraf mühitin mühafizəsində rəqəmsal texnologiyaların rolu, ekoloji məlumatların toplanması və təhlilində innovativ həllərin tətbiqi, həmçinin bu sahədə həyata keçirilən layihələr barədə şagirdlərə ətraflı məlumat verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva ekosistemlərin qorunmasının əhəmiyyəti, biomüxtəlifliyin mühafizəsi sahəsində qlobal çağırışlar və təbiətə məsuliyyətli yanaşmanın vacibliyi haqqında danışıb.
Səfər çərçivəsində məktəblilər Azərbaycan Geologiya Muzeyini ziyarət edərək, ölkəmizin zəngin geoloji irsini əks etdirən müxtəlif mineral və süxur nümunələri ilə tanış olublar.
Tədbirin yekununda şagirdlər ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovla görüşüblər. Görüş zamanı layihədə iştirak edən uşaqlara “Yaşıl gələcək” sertifikatları və zeytun tingləri təqdim olunub.