Abşeronda COVID-19 infeksiyası ilə bağlı reydlər keçirilir
Xırdalan, 3 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri görülür. Koronavirus əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılır.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, YAP rayon təşkilatının, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Abşeron nümayəndəliyinin üzvlərinin iştirakı ilə Xırdalan şəhərində fəaliyyət göstərən obyektlərə, eləcə də məktəblərə baxış keçirilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.
Növbəti reyd zamanı satıcıların, istehlakçıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, ticarət obyektlərinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
Aparılan monitorinq zamanı fəaliyyət göstərən əksər iaşə obyektlərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara ümumən düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar isə yerindəcə aradan qaldırılıb, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.