Abşeronda MSK-nın təşkil etdiyi treninqlər davam edir
Xırdalan, 19 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
48 saylı Abşeron birinci və 49 saylı Abşeron ikinci seçki dairələrində Mərkəzi Seçki Komissiyasının (MSK) aşağı seçki komissiyalarının üzvləri üçün keçirdiyi treninqlər davam edir.
AZƏRTAC xəbər verir ki, gün ərzində bir neçə dəfə keçirilən, məntəqə komissiya üzvlərinin hamısını əhatə edən məşqlərdə hüquqi sənədlərin tərtibi, sədrin vəzifələri, üzvlərin rolu, seçicilər, müşahidəçilər, polis əməkdaşları, mətbuatla təmasların qurulması və digər vacib məsələlər izah olunur.
Bugünkü treninqləri MSK-nın təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş müvafiq dairə komissiyalarının katibi Elbuz Əhmədov və komissiya üzvü Sərdar Musayev aparıb.
Treninqlərin sonunda hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunub.