Abşeronlu məktəblilər “Yaşıl dünya naminə həmrəy olaq” dedilər
Xırdalan, 1 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilib. Bununla əlaqədar olaraq, Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə həmrəy olaq" mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ümumtəhsil məktəblərinin şagirdlərinin "Yaşıl dünya naminə həmrəy olaq" mövzusunda hazırladıqları layihələr dinlənilib, layihələrin il ərzində məktəblərdə keçirilməsinə dair müvafiq tövsiyələr verilib.
Uşaqlarla söhbət zamanı ölkəmizdə ətraf mühitin qorunması istiqamətində görülən işlərdən danışılıb. Vurğulanıb ki, Naxçıvan, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Sonra ətraf mühitin qorunmasına dair şagirdlərin çəkdikləri rəsm və əl işlərinə baxış keçirilib.