ELM VƏ TƏHSİL
“Açıq tədqiqat mənbələrindən istifadə mexanizmləri” - doktorantlar üçün təlim
![](/files/galleryphoto/2023/3/1200x630/17030790383874520968_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703079038199569103_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17030790383947947456_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17030790381673254413_1200x630.jpg)
Bakı, 20 dekabr, AZƏRTAC
Davamlı İnkişaf Mərkəzində doktorantlar üçün “Açıq tədqiqat mənbələrindən istifadə mexanizmləri” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan məlumat verilib. Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin dəstəyilə həyata keçirilən təlimin məqsədi gənc tədqiqatçıları açıq təhsil resursları, onların prinsipləri və istifadə qaydaları, beynəlxalq indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında məlumatlandırmaq olub.
Fondun şöbə müdiri Nərgiz İsmayılova çıxışında layihənin həyata keçirilməsində əsas məqsədin keyfiyyətli elmi tədqiqatların sayının artırılması olduğunu bildirib. O, müasir çağırışlara cavab verən tədqiqatın ərsəyə gəlməsi üçün universitet-sənaye əməkdaşlığının vacibliyini vurğulayıb.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclərin şəxsi və peşəkar inkişafı üçün yaradılan şəraitdən söz açıb. O bildirib ki, bu layihənin də tətbiqi gənc doktorantların tədqiqat bacarıqlarının inkişaf etdirilməsinə xidmət edəcək.
Təlim Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin eksperti Sevinc Ədilova tərəfindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantları üçün keçirilib.