ADA Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənib VİDEO
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də ADA Universitetinin Tələbə Mərkəzində təşkil olunmuş sərgidə əcnəbi tələbələr və xarici dövlətlərin səfirlikləri stendlər quraraq ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını, incəsənət nümunələrini nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, sərgi VII Beynəlxalq Festival çərçivəsində təşkil olunub. Artıq ənənəyə çevrilmiş festivalda bu il 41 ölkə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edib.
ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva bildirib ki, bu festival universitetin mədəni müxtəlifliyinin təntənəsidir. Bu təkcə ADA Universitetinin deyil, həmçinin ölkəmizdə yaşayan bütün beynəlxalq icmanın sevimli ənənəsinə çevrilib. Biz artıq yeddinci ildir ki, bu festivalı keçiririk. Hər il festivala qatılan səfirliklərin və diplomatik nümayəndəliklərin sayı artır. Bu il 41 səfirlik və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edir. Hazırda ADA Universitetində 40 müxtəlif ölkədən xarici tələbələr təhsil alırlar. Onların bir hissəsi “Əlimərdan bəy Topçubaşov” təqaüdünü qazanıb.
Festivalda Türkiyə stendini təmsil edən bu ölkənin səfirliyinin mədəniyyət və təqdimat şöbəsinin işçisi Adəm Keleş deyib ki, tədbirdə ölkəsi haqqında kitablar, broşürlər, milli geyimlər təqdim olunur. “Buradaki gənclərin bizim stendimizə marağı böyükdür. Bu da bizi çox sevindirir”, - deyə o bildirib.
Türkmənistandan olan tələbə Nailə Ağabalayeva festivalın maraqlı keçdiyini deyib. Bildirib ki, burada müxtəlif ölkələr haqqında məlumat almaq üçün gözəl imkan var. Türkmənistan stendində bu ölkənin adət-ənənələri, mədəniyyəti, tarixi haqqında müxtəlif broşürlər nümayiş etdirilir, həmçinin maraqlananlar üçün milli geyimlərin, xalçaların nümunələri var. Türkmənistanlı tələbə bu cür tədbirlərin gələcəkdə də keçirilməsinə ümid etdiyini bildirib.
Fələstinli tələbə Şakir Abid deyib: “Mən Azərbaycanda təhsil alıram. Bu festivalda öz ölkəmi artıq 3-cü dəfədir ki təmsil edirəm. Hər dəfə də stendimizə yenilik qatmağa çalışırıq. Bu cür tədbirlər gənclər arasında yeni tanışlıqlar, əlaqələrin qurulması və genişləndirməsi üçün gözəl fürsətdir. Bu cür tədbirin keçirilməsinə imkan yaratdığı üçün ADA universitetinə təşəkkürümü bildirirəm”.
Beynəlmiləl konsert proqramı ilə davam edən festivalda azərbaycanlı və əcnəbi tələbələr müxtəlif xalqların musiqilərini səsləndirib, rəqslərini ifa ediblər.