ADA Universitetində Zəfər Gününə həsr olunmuş konsert proqramı
Bakı, 7 noyabr, AZƏRTAC
ADA Universitetində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli qürurun, şərəfin, ləyaqətin zəfər çaldığı tarixi günə həsr olunmuş genişmiqyaslı konserti izləyənlər sırasında universitetin tələbə-müəllim və işçi heyəti olub.
Konsert ifaçıları sırasında respublikanın Xalq artistləri və Əməkdar artistləri, o cümlədən görkəmli musiqi xadimləri iştirak ediblər.
Tədbirin aparıcısı, Əməkdar artist Ramil Qasımovun Zəfər Günü ilə bağlı çıxışından sonra konsert proqramı açıq elan edilib. Çıxışı Xalq artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə "Qaytağı" instrumental ansamblı müşayiət edib.
Əməkdar artistlər İlkin Əhmədov, İnarə Babayeva, Cahangir Qurbanov, Təyyar Bayramov və Abbas Bağırov Azərbaycan musiqisinin incilərini ifa ediblər. Azərbaycan Respublikasının Əməkdar artistləri Ələkbər Ələkbərovun tarda ifası, o cümlədən Nurəddin Mehdixanlının "Qarabağ Azərbaycandır!" şeirini səsləndirməsi dinləyiciləri valeh edib.
Tədbirdə görkəmli musiqi xadimləri Səbinə Ərəbli və Zamiq Hüseynovun ifaları Azərbaycanın zəngin çalarlara malik musiqi irsini bir daha nümayiş etdirib. Daha sonra gənc ifaçılar Atilla Qərib və Atilla Məmmədovla birgə Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin şagirdlərindən ibarət "Renessans" xorunun ifası səsləndirilib.
Konsert proqramı Əməkdar artist Ramil Qasımovun "Ey Vətən" mahnısını ifa etməsi ilə başa çatıb.
Qeyd edək ki, konsert proqramı Zəfər Gününə həsr olunmuş sərgi ilə müşayiət olunub.