Adilə Əliyeva: Davamlılıq yalnız bir ideya deyil, gələcəyin əsasını təşkil edən dəyərdir
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Davamlı Karyera Sərgisi mənim üçün olduqca qürurvericidir. Çünki burada iştirak edənlərin çoxu məhz COP29 könüllüləridir. Siz COP29 zamanı davamlılıq haqqında dəyərli biliklər qazandınız, qlobal müzakirələrin bir hissəsində oldunuz və Azərbaycanın gələcəyi üçün çox vacib təcrübə topladınız.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un könüllülərlə iş üzrə rəhbəri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Davamlı Karyera Sərgisində deyib.
O qeyd edib ki, bu gün həmin gənclər öz bilik və təcrübələrini daha da dərinləşdirmək, onları peşəkar karyera yoluna daşımaq üçün buradadırlar. “Davamlılıq yalnız bir ideya deyil, o, gələcəyin, iş dünyasının, iqtisadiyyatın və cəmiyyətin əsasını təşkil edən dəyərdir. Bizim üçün isə ən önəmlisi sizin fikirlərinizi eşitməkdir. Ümid edirəm ki, bu gün burada qurduğunuz əlaqələr və müzakirələr sizə yeni istiqamətlər göstərəcək, ilham verəcək və davamlılıq yolunda daha böyük addımlar atmağınıza kömək edəcək”,- deyə A.Əliyeva əlavə edib.