SİYASƏT
Adolfo Urso: İtaliya gələcəkdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaq
![Adolfo Urso: İtaliya gələcəkdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaq](/files/2023/1/1200x630/1676295414319232456_1200x630.jpg)
Bakı, 13 fevral, AZƏRTAC
İtaliya gələn illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaq. Həyata keçiriləcək əməkdaşlığa gəldikdə, əminik ki, biz, həmçinin digər sənaye sahələrində, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında sizinlə işləyə biləcəyik. Biz sizin tərəfinizdəyik, istərdik ki, Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
“Mən bu mərasimdə iştirak edənlərin hamısını ürəkdən salamlayıram və demək istəyirəm ki, gələcək nəsillərin tələbatlarını daha geniş şəkildə təmin edəcək dayanıqlı həyat naminə birgə səylərimizi davam etdirəcək, ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün növbəti uğurlu addımlarımızı atacağıq. İstərdim ki, İtaliya ilə Azərbaycan arasındakı tərəfdaşlıq Avropada nümunəvi olsun və biz də bu gün sizin tələbatlarınıza cavab vermək istəyirik”, - deyə Adolfo Urso vurğulayıb.
İtaliyalı nazir qeyd edib ki, bu gün keçirilən tədbir ölkələrimiz, hökumətlərimiz və xalqlarımız arasında dostluğun rəmzidir. Biz bu gün daha geniş enerji dayanıqlılığının təmin edilməsinə, infrastrukturumuzun genişləndirilməsinə yönəlmiş addımları atırıq.