ADPU-nun rektoru: Bu il 5000-dək təhsilalanın məzun olması gözlənilir
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov müasir dövrdə müəllimin yalnız bilik ötürən deyil, öyrənən, yenilənən, texnologiyalarla ayaqlaşan şəxs olduğunu söyləyib. Rektor qeyd edib ki, bu yolun əsas dayaqları kimi milli dəyərlərə sadiqlik, peşə səriştəsi, daim yenilənən bilik və bacarıqlar, rəqəmsal və dil kompetensiyaları ön plana çıxır. Pedaqoji Universitet müasir təhsilin tələblərini nəzərə alaraq bu yöndə davamlı işlər aparır, mövcud ixtisaslaşmaların təkmilləşdirilməsini həyata keçirir.
ADPU-nun beynəlxalq ali təhsil məkanında mövqeyini daha da möhkəmləndirdiyini diqqətə çatdıran rektor deyib: “Dünyanın nüfuzlu universitet reytinqlərində yer almağımız, beynəlxalq əməkdaşlıq şəbəkəmizin genişlənməsi və elmi fəaliyyət sahəsində əldə olunan nailiyyətlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının göstəricisidir”.
C.Cəfərov bildirib ki, bu il ADPU və onun filialları üzrə 3300-dən çox bakalavr, 450-dək magistrant, Pedaqoji Kollec üzrə 1000-dən çox subbakalavr daxil olmaqla ümumilikdə 5000-ə yaxın təhsilalanın məzun olması gözlənilir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışında cəmiyyətimizin gələcəyinin gənc müəllimlərin fədakar fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb.
Sonra universitetdə təhsil aldığı müddət ərzində yüksək akademik göstəriciləri və ictimai fəaliyyəti ilə fərqlənən bir qrup məzun fəxri fərmanla təltif olunub.
Bədii hissədə gənclərin sevimlisi olan müğənnilər – Mərdan Kazımov, Elçin Cəfərov və “Ayna Band” qrupu çıxış edib.