ADU-da “1992-ci ilin qanlı fevral gecəsi” mövzusunda “dəyirmi masa”
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Xocalı hadisələrinə həsr olunan “1992-ci ilin qanlı fevral gecəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımında həlak olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da universitetin linqvodidaktika kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Xocalı soyqırımının həyəcan dolu anlarını ürək ağrısı ilə xatırlayıb. O, dünyanın bir çox ölkəsində Xocalı soyqırımı ilə bağlı aksiyaların keçirildiyini, bu faciəni tanıyan ölkələrin sayının artdığını vurğulayıb. Xocalı faciəsinin dünyada tanınmasında gənclərin rolunun danılmaz olduğunu söyləyən professor işğal altında qalan torpaqların qaytarılacağına əminliyin bildirib.
Digər çıxış edələr də Xocalı soyqırımının dəhşətlərini, o qanlı hadisələr zamanı yüzlərlə günahsız insanın qətlə yetirildiyini xatırladıb, faciəyə beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə “Beynəlxalq təşkilatların Xocalı faciəsinə verdiyi dəyəri necə qiymətləndirirsiniz?” və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hansı təklifləri irəli sürərdiniz?” sualları ətrafında fikir mübadiləsi aparılıb.