İQTİSADİYYAT
ADY: Yeni “Stadler” qatarlarının hansı marşrut üzrə istismara verilməsi araşdırılır
Bakı, 15 dekabr, AZƏRTAC
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler” şirkəti arasında bağlanmış müqaviləyə əsasən gətirilən FLİRT tipli qatarların təqdimatını keçiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımalar departamentinin icraçı direktoru Azər Fərəcov jurnalistlərə müsahibəsində söyləyib.
A.Fərəcov bildirib ki, müqaviləyə əsasən cari ilin sonunadək 4 qatar QSC-yə təhvil veriləcək.
“Hazırda 2 ədəd FLİRT tipli qatar Bakı Dəmiryol Vağzalına çatdırılıb. Həmin qatarlar birmərtəbəli, 5 vaqondan ibarətdir. Onlar növündən asılı olaraq 136-270 oturacaqdan ibarətdir. Əlavə olaraq, qatarlarda bar vaqonlar fəaliyyət göstərir. Qatarlarda birinci sinif sərnişinlər üçün oturacaq və standart yerlər mövcuddur. Bu qatarlar həm yeni müasir texnologiyalara uyğun yığılıb, həm də ən müasir təhlükəsizliyə cavab verən blok 5 mexanizmlərə malikdir. Qatarlar kontakt şəbəkəyə qoşulmadan daxili mühərrik hesabına hərəkət edir. Bunun hesabına gələcəkdə kontakt şəbəkədə yarana biləcək hər hansı nasazlığa görə qatar hərəkətini dayandırmayaraq normal qrafikə uyğun sərnişinlərimizi mənzil başına çatdırmağa nail olacaq”, - deyə Azər Fərəcov əlavə edib.
Qatarların hansı marşrut üzrə istismara verilməsinə gəlincə, ADY nümayəndəsi bildirib ki, hazırda bununla bağlı araşdırmalar aparılır: “Ən çox tələbat olan sahələrə yönləndirməyi düşünürük. Bu, əlbəttə ki, ilk növbədə Abşeron dairəvi dəmir yolu xətti, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutudur”.