Ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb
Bakı, 7 iyun, AZƏRTAC
Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi Rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub. Agentlik tərəfindən həmin ərazidə qəzalı vəziyyətdə olan bir sofora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərti ilə rəy verilib.
V.Cavadovun sözlərinə görə, agentliyin verdiyi ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5 min manat məbləğində cərimələnib.