REGİONLAR
Ağalıda şəhidlərin xatirəsi yad olunub








Zəngilan, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Zəngilanın Ağalı kəndində 27 Sentyabr - Anım Günündə şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağalı kənd məktəbində keçirilən anım tədbirində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, qazilər və Ağalı kəndinin sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi sükutla anılıb. Qeyd edilib ki, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü zamanı Zəngilan rayonunu da azadlığa qovuşdurdu. Uzun illər düşmən tapdağında qalan torpaqlarımız azad edildikdən qısa müddət sonra çiçəklənməyə başladı. Vurğulanıb ki, Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndi artıq öz firavan günlərini yaşayır.
Diqqətə çatdırılıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi əbədi olaraq yaddaşlara həkk olunub və onlar daim qəlblərdə yaşayacaqlar.
Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.