AĞCABƏDİDƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
![]() |
![]() |
![]() |
![]() |
Yanvarın 17-də Ağcabədi şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan üçmərtəbəli, 24 mənzilli bina istifadəyə verilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə keçirilən mərasimdə iştirak etdilər.
Dövlətimizin başçısına məlumat verildi ki, rayonda 170 şəhid ailəsi və 101 nəfər Qarabağ müharibəsi əlili var. Binada yaşayış üçün bütün şərait yaradılmış, mənzillərin hamısı telefonlaşdırılmışdır. Yeni mənzil alanların on ikisi şəhid ailəsi, on ikisi isə Qarabağ müharibəsi əlilləridir. Prezidentin tapşırığı ilə ötən il təməli qoyulmuş bina bir il ərzində inşa olunmuşdur. Bu ilin sonunadək daha iki belə binanın istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev mənzillərin orderlərini sahiblərinə təqdim etdi.
Birinci qrup Qarabağ müharibəsi əlili RAMİL NAĞIYEV dövlətimizin başçısına müraciətlə dedi: Möhtərəm cənab Prezident, göstərilən bu yüksək qayğıya görə Sizə bütün Qarabağ əlilləri və şəhid ailələri üzvləri adından dərin minnətdarlığımızı bildiririk və Uca Tanrıdan ulu öndərimizə qəni-qəni rəhmət diləyirik. Cənab Prezident, bu əziz gündə bizə hədiyyə etdiyiniz bu gözəl mənzillərdə Sizi bir stəkan çay içməyə dəvət edirik.
Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:
- Sizi təbrik edirəm. Bu gözəl binada yaşayacaqsınız. Burada hər cür şərait var. Yaxşı, gözəl binadır, müasir qaydada tikilib, hər bir avadanlıq var. Televizor, telefon və onları qoymaq üçün xüsusi stollar, xalça, tozsoran - hər şey olmalıdır. Siz buna layiqsiniz. Siz yaxınlarınızı itirmisiniz, əlil olmusunuz. Azərbaycan dövləti sizə bundan sonra da həmişə diqqət göstərəcəkdir. Əgər bu ev sizin vəziyyətinizi bir balaca yüngülləşdirirsə, hesab edirəm ki, bu, böyük işdir.
SAKİNLƏR: Cənab Prezident, Allah Sizə dəyməsin. Azərbaycan xalqı Sizin arxanızdadır. Tanrı Sizdən razı olsun. Çox sağ olun. Sizin rəhbərliyinizlə bayrağımızı qaldıraraq müharibəyə getməyə hər an hazırıq.
İLHAM ƏLİYEV: Bəli, lazım olarsa. Mən bu gün əsgərlərlə görüşmüşəm, döyüş mövqeyində olmuşam. Əhval-ruhiyyə çox yüksək səviyyədədir. Azərbaycan güclənir, imkanlar artır və bundan sonra da sizin üçün belə gözəl binalar tikiləcəkdir. Bütün şəhid ailələri, müharibə veteranları üçün biz daha da böyük işlər görməliyik. Bu binada xoşbəxt yaşayın.
SAKİNLƏR: Allah Sizdən razı olsun. Siz ki, bu təşəbbüsü elədiniz, Allah Sizə dəyməsin.
X X X
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni mənzillərlə tanış oldular. Ağcabədidə ilk dəfə şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün inşa olunan bu binada yaşayış üçün hər cür şərait yaradılmışdır. Hazırda şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün 16 mənzilli daha bir bina tikilir.
Dövlətimizin başçısı Qarabağ müharibəsi əlili Ramil Nağıyevin ailəsinin qonağı oldu.
RAMİL NAĞIYEV: Ağcabədi veteranları adından, bütün şəhid ailələrinin üzvləri adından, Ağcabədi gəncləri adından Sizə dərin minnətdarlığımızı bildiririk və yürütdüyünüz çox düzgün, uğurlu siyasətə görə Sizinlə fəxr edirik və hər zaman Sizin arxanızdayıq.
İLHAM ƏLİYEV: Çox sağ olun. Mən də çox şadam ki, Azərbaycan dövləti öz dəyərli insanları üçün belə gözəl binalar tikir və hədiyyə edir. Siz də burada xoşbəxt yaşayın.
RAMİL NAĞIYEV: Cənab Prezident, çox sağ olun. Bu ev azmış kimi, bizə üstəlik hələ əlavə hədiyyələr də təqdim etmisiniz.
İLHAM ƏLİYEV: Bəli, televizor, tozsoran, telefon, xalça və sair.
ŞAHİN MƏMMƏDOV (rayon icra hakimiyyətinin başçısı): Bəli, televizoru və telefon aparatını qoymaq üçün altlıqlar, eyni zamanda, ehtiyacı olanlara əlavə olaraq stol dəsti də hədiyyə verilibdir.
İLHAM ƏLİYEV: Evdə yaşamaq üçün hər şey olmalıdır. Siz neçənci ildə yaralanmısınız?
RAMİL NAĞIYEV: 1994-1995-ci ildə, hər iki ayağımı itirmişəm. Cənab Prezident, mənim iki qardaşım da müharibə veteranıdır. Biri həm Əfqanıstanda, həm də Şuşada vuruşmuş, o biri Zəngilanın, Qubadlının düşməndən müdafiəsində iştirak etmişdir. Ağcabədidə 2 hərbi əlil ailəsi varsa, onun biri bizik.
İLHAM ƏLİYEV: Növbədə nə qədər adam qalıb?
ŞAHİN MƏMMƏDOV: 80 nəfərdən artıq. Bu, Sizin tapşırığınızdan sonra tikilən binadır.
İLHAM ƏLİYEV: Sonra fikirləşmək lazımdır, sağlamlığını itirmiş insanları hansı işlə təmin etmək olar. Elə iş ki, fiziki hərəkət tələb etməsin. Cavan oğlandır, ayaqlarını itiribdir. İndi yeni imkanlar yaranır, işsizlik aradan qaldırılır. Fiziki cəhətdən sağlam adam gedib, istənilən yerdə - rayonlarda da, Bakıda da, tikintidə, biznesdə, başqa yerlərdə özünə iş tapa bilər. Amma yaralanmış insanlar üçün çətindir. Əlbəttə, dövlət pensiya verir, verəcəkdir, məbləği də artacaqdır. Ancaq iş olsa, kabinet işi olsa, daha yaxşı olar. Əvvəllər hansı işlə məşğul olmusan, neçə yaşın vardı yaralananda?
RAMİL NAĞIYEV: Xeyr, işləmirdim, yaralananda 18 yaşım vardı.
İLHAM ƏLİYEV: İndi rayona qaz verilibdir. Bu binaya necə? Bir az soyuqdur deyə soruşuram.
ŞAHİN MƏMMƏDOV: Quzey tərəf olduğu üçündür, amma istilik sistemi işləyir.
RAMİL NAĞIYEV: Minnətdarıq cənab Prezident.
İLHAM ƏLİYEV: 15 il idi qaz verilməsi dayanmışdı. Bu, birinci mərhələdi, ikinci mərhələdə daha da artırılacaqdır.
RAMİL NAĞIYEV: Cənab Prezident, baxmayaraq ki, mən hər iki ayağımı itirmişəm, bütün Ağcabədi gəncləri adından istərdim deyəm ki, biz hər an Ali baş komandan kimi Sizin əmrinizə hazır dayanmışıq. Qarabağ torpaqlarını, inşallah, son damla qanımıza qədər, döyüşə-döyüşə işğaldan azad edəcəyik.
İLHAM ƏLİYEV: Edəcəyik. Bizdə həm imkan var, həm ordu güclənir, həm də vətənpərvər insanlar, gənclər var. Bax, sənin kimi vətənpərvərlik ruhunda tərbiyə alanlar. Məsələni mütləq həll edəcəyik.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni mənzil almış başqa bir sakinin - şəhid ailəsinin evinə baş çəkdilər.
Mənzil sahibləri dövlət başçısını və xanımını böyük minnətdarlıq hissi ilə qarşıladılar. Azərbaycan Prezidenti mənzil sahibinin oğlanları ilə xatirə şəkli çəkdirdi. Ailə üzvləri onları yeni və yaraşıqlı isti mənzillərin verilməsi ilə sevindirən Azərbaycan Prezidentinə və xanımına hədsiz minnətdarlıqlarını ifadə etdilər. Ulu öndər Heydər Əliyev tərəfindən qurulan müasir Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi işində Prezident İlham Əliyevə uğurlar arzuladılar. Ev sahibi dedi ki, əgər lazım gələrsə, işğal altında olan torpaqlarımızın azad olunması üçün hətta özü də oğulları ilə birlikdə cəbhə xəttinə getməyə hazırdır.
Mənzil sahibini təbrik edən dövlətimizin başçısı bildirdi ki, işğal altında olan torpaqlarımız nəyin bahasına olursa-olsun, geri qaytarılacaqdır.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni binanın sakinləri ilə görüşüb, xatirə şəkli çəkdirdilər.



