Ağdamda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunmuşdur
Ağdam, 31 mart (AZƏRTAC). Ağdam Rayon İcra Hakimiyyətində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslər, Qafqazda erməni daşnakları tərəfindən törədilmiş soyqırımlar haqqında danışmışdır. Bildirmişdir ki, əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq xülyasında olmuş və bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törətmişlər. Qeyd olunmuşdur ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər.
Natiq bildirmişdir ki, xalqımıza qarşı etnik təmizləmə siyasəti 1948-53-cü və 1988-94-cu illərdə də davam etdirilmiş, təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın soydaşımız doğma torpaqlarından qovulmuşdur.
Yığıncaqda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın haqq işinin qalib gələcəyinə və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminlik vurğulanmışdır.