Ağdamın 12 yaşlı yeni sakini: Çox xoşbəxtəm ki, Qarabağ torpağında yaşayacağam VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Ağdam sakinlərinin bir hissəsi də bu gün doğma yurda qovuşur. İllərin arzusu gerçəyə dönür.
AZƏRTAC xəbər verir ki, diləyi gerçəkləşənlərdən biri də Arzu Hüseynovadır. O, doğma şəhərindən çıxarıldıqdan sonra Bakının Nizami rayonundakı yataqxanada yaşayıb. İndi isə illər əvvəl ayrıldığı Ağdama ailəsi ilə birlikdə qayıdır. Onun üçün 32 ildən sonra doğma torpağa qayıdış böyük sevinc və minnətdarlıq hissidir. Ağdam sakini bu günü görməyi böyük xoşbəxtlik kimi qiymətləndirir: “Allahın bu gününə çox şükürlər olsun ki, biz indi öz torpağımıza ürəyi açıq gedirik”.
Müsahibimiz fədakar Vətən övladlarının əməyini də xüsusi vurğulayır: “Prezidentimizin, Ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində biz öz torpağımıza qovuşmuşuq. Allaha şükür olsun”.
Onun sözlərinə görə, Ağdamdan ayrıldığı vaxt övladları hələ azyaşlı idi - oğlu üçüncü, qızı isə altıncı sinifdə oxuyurdu. İllər keçib, uşaqlar böyüyüb, ailə genişlənib. Bu gün isə doğma yurda artıq nəvələri ilə qayıdır. “Ona görə çox sevinirəm ki, bu günü gördük”, - deyə Ağdam sakini vurğulayıb.
Arzu Hüseynovanın nəvəsi, 12 yaşlı Nuray Bağırlı da bu qayıdışın sevincini yaşayır. Onun üçün Ağdam artıq yalnız ailəsindən eşitdiyi və illərlə həsrət çəkilən bir yer deyil. Onun üçün bu günün ən böyük fərqliliyi həyatını doğma Qarabağ torpaqlarında qurmaq fürsətinin yaranmasıdır. O, Ağdamda yaşayacağını deyir və bundan böyük sevinc duyduğunu bildirir: “Mən artıq burada yaşayacağam. Çox xoşbəxtəm ki, Qarabağ torpağında yaşayacağam”.