Ağdamın Birinci Baharlı qəsəbəsində yeni məktəb binasının tikintisinə başlanılıb VİDEO
Ağdam, 1 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində yeni məktəb binasının tikintisinə başlanılıb.
Tikintidə iş icraçısı Xosrov Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 432 yerlik məktəb binası iki mərtəbədən ibarət olacaq. Yeni məktəb binasında sinif otaqları, laboratoriya və fənn kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək.
Artıq binanın təməlində torpaq və betona hazırlıq işləri başa çatıb. Hazırda bünövrənin betonlanması işləri görülür. Tikintinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.