Ağdaşda Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına yeni yaşayış binası tikilir
Ağdaş, 11 mart, AZƏRTAC
Ağdaş şəhərində 48 mənzilli beşmərtəbəli yeni yaşayış binası inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bina Azərbaycan Respublikası Prezidentinin “Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 2019-cu il 29 oktyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına tikilir. Bina şəhərin M.İsayev küçəsində inşa edilir.
Tikilməkdə olan yeni yaşayış binası hazırda fin tipli istismara yararsız evlərdə yaşayan və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarından məskunlaşan ailələr üçün nəzərdə tutulub.
Yaşayış binasının cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.