DÜNYA
Agentlik: Avropada hər 2 müsəlmandan biri diskriminasiyaya məruz qalır
Bakı, 27 oktyabr, AZƏRTAC
Hər 2 müsəlmandan biri gündəlik həyatda diskriminasiyaya məruz qalır.
AZƏRTAC xəbər verir ki, bu statistika Avropa İttifaqı Fundamental Hüquqlar Agentliyinin hesabatında yer alır. 13 Avropa ölkəsini əhatə edən hesabata görə, Avropa İttifaqında yaşayan müsəlmanların 47 faizi son 5 ildə diskriminasiyaya məruz qaldıqlarını etiraf edib. Ən çox narazılığı Almaniya, Avstriya və Finlandiyada yaşayan müsəlmanlar səsləndiriblər.
Hesabat müəlliflərinə görə müsəlmanlar ən çox geyimlərinə görə diskriminasiyaya məruz qalırlar. Rəyi soruşulanların 49 faizi polisin onları xarici görünüşünə görə əsassız şəkildə saxladığını bildiriblər. Bundan başqa müsəlmanların böyük hissəsi təhsillərini yarımçıq qoyduqlarını, mənzil şəraitlərinin pis olduğunu, iş tapmaqda çətinlik çəkdiklərini, iş yoldaşları tərəfindən diskriminasiyaya məruz qaldıqlarını bildiriblər.
Agentlik Avropada bütün göstəricilər üzrə müsəlmanların vəziyyətinin pisləşdiyini bildirib.
“Biz Avropada müsəlmanlara qarşı irqçilik və diskriminasiyanın narahatlıqverici həddə artdığının şahidi oluruq” – deyə Avropa İttifaqı Fundamental Hüquqlar Agentliyinin direktoru Sirpa Rotio vurğulayıb.