“Agerpres”: Rain Sultanovun ifası dinləyicilərin ürəyini fəth edib
Buxarest, 20 may, AZƏRTAC
Rumıniyanın “Agerpres” milli xəbər agentliyi yazır ki, Azərbaycanın tanınmış caz ifaçısı, bəstəkar və saksofonçu Rain Sultanov Avropa turnesi çərçivəsində Rumıniyada bir sıra konsert proqramları ilə çıxış edib. Məlumatda bildirilir ki, musiqiçi mayın 7–dən 14-dək Mediaş, Rışnov, Buxarest, Piteşti və Ployeşti şəhərlərində altı konsert proqramı təqdim edib.
AZƏRTAC “Agerpres”ə istinadla xəbər verir ki, Rain Sultanovun Avropa turnesi Norveç, Polşa, Almaniya və Niderlandı da əhatə edib.
Məqalədə xüsusilə “Cycle” və “Forgiveness” albomları qeyd olunur. Bildirilir ki, Rain Sultanov bu layihələrdə minimalist saksofon improvizasiyalarını kamera musiqisi elementləri ilə birləşdirərək fərqli üslub yaradıb. “Inspired by Nature”, “Influence”, “Cycle” və “Forgiveness” albomlarının onun yaradıcılığının müxtəlif istiqamətlərini əks etdirdiyi vurğulanır.
Nəşr qeyd edir ki, musiqiçinin həm Azərbaycan muğam elementlərini, həm də müasir Avropa caz üslubunu birləşdirən yaradıcılığı beynəlxalq musiqi çevrələrində diqqət çəkir.
Məqalədə Azərbaycanın caz ənənələrinin tarixi də xatırladılır. Bildirilir ki, Bakı uzun illər postsovet məkanında caz mədəniyyətinin əsas mərkəzlərindən biri olub və bu ənənə bu gün də davam edir.