İDMAN
AĞIR ATLETİKA ÜZRƏ RESPUBLİKA ÇEMPİONATI BAŞLANDI
Mayın 13-də Maştağa qəsəbəsindəki Olimpiya idman mərkəzində ağır atletika üzrə respublika çempionatının açılışı olmuşdur. Bu yarışlarda Azərbaycanın şəhər və rayonlarının ağır atletləri iştirak edir.
Dünya və Avropa çempionatlarının mükafatçısı Nizami Paşayev dövlət himninin sədalari altında Azərbaycanın bayrağını qaldırdı.
Azərbaycan Ağır Atletika Federasıyasının baş katibi İsmayıl İsmayılov açılılş mərasimində çıxış edərək vurğuladı ki, dövlətimizin başçısı Heydər Əliyev Azərbaycanda idmanın inkişafına hərtərəfli yardım göstərir və idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr bunun əyani sübutudur. O bildirdi ki, 1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra ölkəmizin idman həyatında ciddi dəyişikliklər olmuşdur. Bədən tərbiyəsi və idmanı inkişaf etdirmək üçün respublikanın şəhər və rayonlarında dünya standartlarına cavab verən idman qurğularının tikintisinə başlanmışdır. Belə obyektlər gənc nəslin hərtərəfli inkişafına şərait yaradır.
Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan çıxışında dedi ki, bu idman növünün uğurlu inkişafı, Azərbaycanda belə müasir idman qurğularının olması sübut edir ki, ölkə rəhbərliyi idmanın təbliğinə böyük əhəmiyyət verir. Azərbaycanda gördükləri onda xöş təəssürat oyatmışdır və Federasiya yaxın vaxtlarda ağır atletika üzrə dünya çempionatını Bakıda keçirmək barədə qərar qəbul edə bilər. Tomaş Ayan onun salamını Azərbaycan Prezidenti Heydər Əliyevə çatdırmağı gənclər, idman və turizm naziri Əbülfəz Qarayevdən və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovdan xahiş etdi.
Yarışların ilk günü 56 kiloqramadək, 94 və 105 kiloqram çəki dərəcələrində çıxış edən “Abşeron-Azal” təhsil mərkəzinin yetirmələri Aqşin Mirzəyev, Əlibəy Səmədov və Nizami Paşayev qalib gəldilər. Çəkisi 105 kiloqramdan yuxarı olan idmançıların yarışında Sumqayıtın “Spartak” cəmiyyətinin nümayəndəsi Emil Əliyev respublika çempionu oldu.
Yarışlar mayın 14-də başa çatacaq.
Foto İlqar Cəfərovundur