REGİONLAR
Ağstafa polisi narko-kuryerlik edən şəxsi saxlayıb
![](/files/galleryphoto/2023/1/1200x630/1678691105914644712_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16786911051975312468_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16786911055207360704_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678691105602143594_1200x630.jpg)
Ağstafa, 13 mart, Elcan Məmmədov, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Ağdaş rayon sakini Elşən Şirinov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. E.Şirinovun sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilən zaman qara rəngli çantadan 1 kiloqram 120 qram heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə heroin, yaşadığı evdən isə marixana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.