Ağstafada təbiət ərazilərində yanğın hadisələrinin qarşısının alınması məqsədilə ekoloji maarifləndirmə
Ağstafa, 14 aprel, AZƏRTAC
Ağstafada xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın hadisələrinin qarşısının alınması məqsədilə ekoloji maarifləndirmə təşkil edilib. Tədbir Ağstafa Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Qarayazı Dövlət Təbiət Qoruğunun birgə təşkilatçılığı ilə Sadıqlı kəndində keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbirdə təşkilatçıların məsul əməkdaşları, Qarayazı Dövlət Təbiət Qoruğu ətrafında yerləşən yaşayış məntəqələrinin sakinləri, fermerlər və mülkiyyətçilər iştirak ediblər.
Maarifləndirmə tədbirində yaz mövsümünün başlanması, havaların isinməsi və kənd təsərrüfatı işlərinin intensivləşməsi ilə əlaqədar olaraq, yanğın risklərinin gözlənilən olması, xüsusilə fermerlər tərəfindən tarlalarda quru ot və bitki qalıqlarının yandırılması hallarının xüsusi mühafizə olunan ərazilərə keçərək təbiətə bərpaolunmaz zərər vura biləcəyi qeyd edilib. Xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın hadisələrinin qarşısının alınması məqsədilə tədbir iştirakçılarına yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib. Quru ot və bitki qalıqlarının yandırılmasının qəti qadağan olunması, bu növ hadisələrin törədilməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə ciddi inzibati və ya cinayət məsuliyyətinə səbəb olacağı xüsusi olaraq diqqətə çatdırılıb.
Müxbir - Ruslan Novruzoğlu