Ağstafanın Qarahəsənli kəndində “Şəhidlər bulağı” istifadəyə verilib
Ağstafa, 23 aprel, AZƏRTAC
Ağstafa rayonunun Qarahəsənli kəndindən olan Vətən müharibəsi şəhidi Orxan Babayevin xatirəsinə tikilən “Şəhidlər bulağı” istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, kənd sakinləri, şəhidin valideynləri və yaxın qohumları iştirak edib.
AZƏRTAC xəbər verir ki, şəhidin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Çıxışlarda bildirilib ki, Orxan Babayev 2001-ci il aprelin 17-də Qarahəsənli kəndində anadan olub. O, Vətən müharibəsinin ilk günündən sonuna qədər döyüşlərdə iştirak edib və Füzulidən Xocavəndə qədər döyüş yolu keçib. Şuşa azad edildikdən bir gün sonra - noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Orxan dəfələrlə qızğın döyüşlər zamanı yaralı döyüş yoldaşlarını atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Onun bu qəhrəmanlığı, göstərdiyi şücaət hələ uzun illər dillərdən düşməyəcək.
Qeyd edək ki, Orxan Babayev noyabrın 11-də Qarahəsənli kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.