Ağsuda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
Ağsu, 28 may, AZƏRTAC
Ağsuda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderimizin abidəsi önünə tər gül dəstələri qoyublar.
Rayon icra hakimiyyətində keçirilən təntənəli yığıncaqda Dövlət Himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı sərəncamlarının tarixi əhəmiyyətindən, bu sərəncamlardan irəli gələn vəzifələrlə əlaqədar görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Ə.Seyidəliyev Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində dövlət rəmzlərinin qəbul edildiyini, Azərbaycan dilinə dövlət dili statusunun verildiyini, milli ordu quruculuğu, təhsil, səhiyyə və mədəniyyət sahələrində bir sıra tarixi əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb.
Sonda Ulu Öndərin adını daşıyan parkda rayon incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti olub.