Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq - FOTO
Ağsu, 27 avqust, AZƏRTAC
Azərbaycanda son illər badamçılığa maraq xeyli artıb. Yeni bağların salınması, dövlət dəstəyi və müasir aqrotexniki üsulların tətbiqi bu sahənin inkişafına təkan verir. Hazırda bölgələrdə badam bağlarında məhsul yığımı qızğın şəkildə davam edir. Ağsuda da fermerlər yetişdirdikləri məhsulu toplamağa başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir rayonunun Şahbəyli kənd sakini Mətanət Kazımova artıq dörd ildir Ağsuda salınan badam bağında çalışır. Deyir ki, yığım işlərinə təxminən 10 gün əvvəl başlanılıb. İşçilər səhər saat 8-də sahəyə gəlir, günorta saat 13:00-da işi yekunlaşdırırlar. Gün ərzində bir işçi orta hesabla 60-80 kiloqram badam toplayır. Yığımın sentyabrın 15-dək davam edəcəyi gözlənilir. Məhsulun bir hissəsi əl ilə, bir hissəsi isə kombayn vasitəsilə yığılır. Mətanət Kazımova bu işdən əldə etdiyi gəlirlə ailəsinin dolanışığına kömək etdiyini söyləyir.
Badam bağlarında yüksək məhsuldarlığın əldə olunması üçün isə ilboyu aqrotexniki qulluq aparılır. Aqronom Natiq Rüstəmlinin sözlərinə görə, bağda dörd badam sortu – “Makako”, “Ferradual”, “Ferraqnes” və “Marinado” əkilib. Xüsusilə “Marinado” sortu yerli şəraitdə sınaqdan keçirilir. Sort özünü yaxşı göstərib və məhsuldarlığı yüksəkdir.
Bağın tam məhsuldarlığa çatması üçün təxminən beş il vaxt lazım olduğunu deyən aqronom qeyd edir ki, bu müddətdə vaxtında budama, gübrələmə, dərmanlama və zərərvericilərə qarşı mübarizə tədbirləri mühüm əhəmiyyət daşıyır. Bu il bağdan 300 ton və daha artıq məhsul götürülməsi gözlənilir. Gələcəkdə isə məhsuldarlığın daha da artırılması nəzərdə tutulur.
183 hektarlıq badam bağının sahibi Nahid Əmirov bildirir ki, ilk bağlarını 2021-ci ildə salıblar. Artıq həmin bağ məhsulvermə mərhələsinə çatıb. Bu il ilkin olaraq 3-4 tona yaxın məhsul gözlənilir. Sahibkarın sözlərinə görə, badamın istiliyə və susuzluğa daha davamlı olması, eləcə də bazarının mövcudluğu bu bitkinin yetişdirilməsinə marağı artırır.

Sahibkar badamçılıqda dövlət dəstəyinin də mühüm rol oynadığını vurğulayır. Verilən subsidiyalar hesabına gübrə və dərman preparatları alınır, bağlarda zəruri aqrotexniki tədbirlər həyata keçirilir. Gələcəkdə məhsulun həm daxili, həm də xarici bazarlara çıxarılması planlaşdırılır.
Ağsu Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru İlqar Hüseynovun sözlərinə görə, rayonda 2 min 290 hektar meyvə bağı var. Bu bağların təxminən 1 min 830 hektarı damcı suvarma sistemi ilə təmin olunub. Rayonda badam bağlarının sahəsi isə 359 hektara yaxındır.
İlqar Hüseynov bildirib ki, son illərdə dövlət dəstəyi və subsidiyaların tətbiqindən sonra fermerlərin bağçılığa, xüsusilə badamçılığa marağı artıb. Badamın həm daxili, həm də xarici bazarda satış imkanlarının olması da bu sahənin inkişafına təsir edən əsas amillərdəndir. Ağsuda badamla yanaşı, şaftalı, ərik, əncir, alma və armud bağlarının salınmasına da maraq var.
Ölkə üzrə göstəricilər də badamçılığın sürətlə inkişaf etdiyini göstərir. 2021-2025-ci illərdə badamın ümumi əkin sahəsi 1,8 dəfə artaraq 5 min hektara, barverən sahə isə 2,3 dəfə artaraq 3,3 min hektara çatıb. Bu müddətdə istehsal təxminən 3 dəfə artaraq 9,3 min ton olub. Məhsuldarlıq isə 26,9 faiz yüksələrək hektardan 27,8 sentner təşkil edib.
Bu illərdə 2 min hektardan çox yeni badam bağı salınıb. İntensiv və superintensiv bağların sahəsi də 2,7 dəfə artaraq 3,5 min hektara yüksəlib. 2025-ci ildə bu tip bağlar ümumi badam bağlarının 69,3 faizinə bərabər olub.
2025-2026-cı təsərrüfat ilində müəyyən edilmiş meyarlara və subsidiya tələblərinə cavab verən yeni badam bağlarının hər hektarına isə 3 min 500 manat subsidiya tətbiq edilib. Dövlət dəstəyi, artan istehsal və genişlənən bazar imkanları badamçılığın qarşıdakı illərdə də inkişaf etdiriləcəyini göstərir.
Müxbir – Rəşad Türkoğlu