CƏMİYYƏT
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlanılıb VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zəng edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxt sakini olan 1936-cı il təvəllüdlü bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxlayaraq gəlininin yol-nəqliyyat hadisəsi törətdiyini dediyini, daha sonra mənzilə gələn naməlum şəxsə 4 min manat verdiyi barədə polisə müraciət edib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində kuryer kimi qeydiyyatdan keçən və qanunsuz əməllərə cəlb olunan Qazaxıstan vətəndaşı 2003-cü il təvəllüdlü Korlan Asan Berdimurat saxlanılıb.
Müəyyən edilib ki, saxlanılan şəxs məhz həmin qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə yaşadığı Çexiya Respublikasından Bakı şəhərinə gəlib. K.Berdimurat “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu naməlum şəxslərin göndərdiyi ünvanlara yollanaraq pulları zərərçəkənlərdən qəbul edib.
Həmin hüquqazidd əməllər nəticəsində onun 2 vətəndaşa ümumilikdə 6 min manata yaxın maddi ziyan vurduğu aşkar olunub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartına və ya kriptovalyuta hesablarına köçürüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Nazirlik bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi tövsiyə edir.