“AİLƏ ZORAKILIĞINA BƏRAƏT YOXDUR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 21-də Adil İsgəndərov adına Mədəniyyət sarayında Sabunçu rayonu İcra hakimiyyəti, hüquq mühafizə orqanları, qeyri-hökumət təşkilatları nümayəndələrinin, təhsil, səhiyyə işçilərinin, eləcə də rayon və kənd bələdiyyələri sədrlərinin iştirakı ilə layihə çərçivəsində ilk dəyirmi masa keçirilmişdir.
Tədbirdə komitə sədrinin müavini Sədaqət Qəhrəmanova, Sabunçu rayonu İcra hakimiyyətinin başçısının müavini Cəmilə Ramazanova, “Universitet Təhsilli Qadınlar” Cəmiyyətinin sədri Tamam Cəfərova və başqaları problemin Azərbaycan üçün də aktuallığını diqqətə çatdırmış, qadınların zorakılıq qurbanına çevrildiyini, buna görə də planetimizdə noyabrın 24-nün Zorakılıqla mübarizə günü kimi qeyd edildiyini bildirmişlər.
Natiqlər yetkinlik yaşına çatmayan qızların erkən nikahlara cəlb edilməsinin zərərli mahiyyətindən, bunun məsuliyyətindən, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasında hüquq-mühafizə orqanları nümayəndələrinin, təhsil və səhiyyə işçilərinin rolu və köməyindən danışmışlar. Erkən nikahın qarşısının alınmasında məktəbin, ailənin və gənclərin məsuliyyətinin artırılması üçün məktəb-valideyn münasibətlərinin yüksək səviyyəyə qaldırılmasının, mövzu ilə bağlı hüquq-mühafizə orqanları nümayəndələrinin, səhiyyə işçilərinin təhsil ocaqlarında şagirdlərlə maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Tədbirdə problemlə bağlı geniş fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüşdür.