Akademik Cəlal Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova görkəmli alimin həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan və dünya elminə verdiyi töhfələrdən danışıb. O bildirib ki, 30 iyun yalnız akademik Cəlal Əliyevin doğum günü deyil, eyni zamanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranma tarixidir. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan və onun ideyaları əsasında formalaşan institut artıq 9 ildir ki, uğurla fəaliyyət göstərir.
Çıxışında akademik İradə Hüseynova vurğulayıb ki, akademik Cəlal Əliyevin fotosintez və fototənəffüs proseslərinin molekulyar-genetik əsaslarının tədqiqi sahəsində apardığı araşdırmalar, əldə etdiyi nəticələr, yaratdığı çoxsaylı buğda sortları nəinki respublikamızda, həm də beynəlxalq elmi ictimaiyyətdə yüksək qiymətləndirilib. Akademikin tələbələrinin Azərbaycanda və dünyanın müxtəlif ölkələrində əldə etdiyi nailiyyətlər onun yaratdığı elmi məktəbin qüdrətini bir daha təsdiqləyir. Bu uğurlar isə məhz onun müəllimlik fəaliyyətindəki yüksək prinsipiallıq, tələbkarlıq, qayğıkeşlik və fədakarlıqla birbaşa bağlıdır. Qürurverici haldır ki, Cəlal müəllimin yetirmələri bu gün ölkəmizdə gənc alimlərin formalaşmasında mühüm rol oynayır, bu çətin və məsuliyyətli yolda öz ustadlarının elmi və mənəvi irsinə sadiqlik nümayiş etdirirlər.
Digər çıxış edənlər böyük alim haqqında xatirələrini bölüşüblər.
Sonda tədbir iştirakçıları akademik Cəlal Əliyeva həsr olunmuş filmə baxıblar.